"İsrailin siyasəti uzunmüddətli perspektivdə öz maraqlarına ziddir" - Makron
Fransa Prezidenti Emmanuel Makron İsrailin Fələstin ərazilərində və Livanda həyata keçirdiyi siyasəti qəbuledilməz adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Makron “France 2” telekanalına müsahibəsində danışıb.
Fransa lideri bildirib ki, İsrailin Qəzza, Qərb Sahili və Livandakı fəaliyyəti uzunmüddətli perspektivdə ölkənin öz maraqlarına uyğun deyil.
Makronun sözlərinə görə, bu siyasət region xalqları arasında narazılığı artırır və gələcəkdə təhlükəsizlik problemlərinə səbəb ola bilər.
O qeyd edib ki, İsrail yalnız təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaqla kifayətlənməyib, eyni zamanda mülki əhaliyə qarşı haqsız hücumlar həyata keçirib.
Fransa Prezidenti vurğulayıb ki, İsrailin təhlükəsizliyi qonşu ərazilərin ələ keçirilməsi yolu ilə təmin edilə bilməz.
Livandakı vəziyyətə toxunan Makron İsrail rəhbərliyini daha ehtiyatlı və rasional davranmağa çağırıb.
“Son günlərdə Prezident Tramp Baş nazir Netanyahuya münasibətini dəyişib. Mən hesab edirəm ki, yalnız bu şərtlər daxilində sülh qurula bilər”, - deyə Makron bildirib.
Daha əvvəl İsrail hökumətinin başçısı ölkəsinin təhlükəsizliyinin tam təmin olunmasına qədər Livanın cənub bölgələrindən qoşunların çıxarılmayacağını açıqlamışdı.
Aminə ŞAHSUVARQIZI













