İran Hörmüz boğazından 60 günlük rüsumları ləğv ETDİ

 17:34 19.06.2026     181

İranın Ali Milli Təhlükəsizlik Şurası Hörmüz boğazından tranzit keçmək üçün müraciət edən gəmilərə 60 gün müddətində rüsum tətbiq olunmayacağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, həmin müddət ərzində tranzit rüsumları İran hökuməti tərəfindən qarşılanacaq.

Bildirilib ki, Körfəz Su Yolları İdarəsinə ABŞ ilə İran arasında müharibənin başa çatdırılması məqsədilə imzalanmış İslamabad Anlaşma Memorandumunun hədəflərinə uyğun olaraq müraciətlərin operativ şəkildə emal edilməsi və prioritetləşdirilməsi tapşırılıb.

Açıqlamada qeyd olunub ki, bölgədə mövcud olan xüsusi təhlükəsizlik şəraiti və dəniz naviqasiyasının təhlükəsizliyinin təmin olunması zərurəti nəzərə alınaraq, gəmilər yalnız elan edilmiş marşrutlar və vaxt cədvəlləri üzrə hərəkət etməlidirlər.

İranın Körfəz İşləri İdarəsinin məlumatına görə, Hörmüz boğazından keçmək istəyən gəmilər rəsmi kanallar vasitəsilə müraciət etməli, əlaqə və marşrut məlumatlarını təqdim etməli, həmçinin boğaza çatmazdan ən azı 48 saat əvvəl keçid üçün sorğu göndərməlidirlər.

Bundan əlavə, əraziyə daxil olmamışdan əvvəl marşrut və tranzit vaxtı ilə bağlı aidiyyəti qurumlarla razılıq əldə edilməlidir.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı iyunun 18-də axşam saatlarında Prezident Donald Trampın göstərişi ilə ABŞ hərbi qüvvələrinin İran limanları və sahil ərazilərinə tətbiq etdiyi dəniz blokadasının ləğv edildiyini açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən