"ABŞ-İran memorandumu Tehranın diplomatik qələbəsini göstərir" - Ekspert

 17:40 19.06.2026     240

ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunun Tehranın Vaşinqtonla qarşıdurmanın əsas istiqamətlərində üstünlük əldə etdiyini göstərdiyi bildirilir.

Redaktor.az xəbər verir ki, bu fikri TASS-a açıqlamasında İsveçrə Baş Qərargahının təqaüddə olan polkovnik-leytenantı, ATƏT Baş katibinin hərbi məsələlər üzrə keçmiş xüsusi müşaviri Ralf Bosşard səsləndirib.

Ekspertin sözlərinə görə, dərc olunmuş memorandumun məzmunu İranın mövqeyinin gücləndiyini nümayiş etdirir.

Bosşard qeyd edib ki, sənəddə Tehranın xeyrinə mühüm güzəştlər əks olunub və İran sanksiyaların yumşaldılmasından fayda əldə edə bilər.

Onun sözlərinə görə, memorandum ABŞ-nin beynəlxalq təşkilatlar tərəfindən İrana tətbiq olunan bəzi məhdudiyyətlərin yumşaldılmasına dəstək verməsini də nəzərdə tutur.

Ekspert hesab edir ki, razılaşmanın Yaxın Şərqdə geniş geosiyasi nəticələri ola bilər.

Bosşard bildirib ki, Tehranın mövqeyinin güclənməsi İranın regiondakı nüfuzunu artırmaqla yanaşı, müsəlman ölkələri arasında təsir imkanlarını da genişləndirə bilər.

O əlavə edib ki, bu proses uzunmüddətli perspektivdə ABŞ hərbi qüvvələrinin regiondakı mövcudluğuna da təsir göstərə bilər.

Xatırladaq ki, bu həftənin əvvəlində ABŞ və İran Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. İsrail isə danışıqlarda iştirak etməyib.

Bununla yanaşı, İsveçrə Xarici İşlər Nazirliyi Bürgenştokda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının təxirə salındığını və iyunun 19-da baş tutmayacağını açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən