"Mənim populyarlığımın dərdi sizə qalmayıb" - Melonidən Trampa CAVAB
İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampın ona qarşı "davamlı və heç bir əsası olmayan hücumlarını" mənasız adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib.
Bundan əvvəl ABŞ lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazmışdı ki, Corcia Meloninin İrana qarşı ABŞ-nin hərəkətlərini dəstəkləməkdən imtina etməsi səbəbindən onun İtaliyadakı reytinqləri aşağı düşür. "O, populyarlığını artırmaq üçün mənimlə yenidən dostlaşmaq istəyir", - deyə Tramp bildirib.
Buna cavab olaraq Meloni vurğulayıb ki, Trampla dostluq ona heç də kömək etməyib. İtaliya hökumətinin başçısı qeyd edib ki, onun ictimai dəstəyi milli maraqları qorumaq bacarığından asılıdır. O əlavə edib ki, İtaliya ərazisində yerləşən ABŞ hərbi bazalarından istifadə həmişə əməl edilən və onun baş nazir olduğu müddətdə pozulmayacaq razılaşmalarla tənzimlənir.
"Mənim populyarlığımın qayğısına qalmağa ehtiyac yoxdur. Sizə öz populyarlığınıza diqqət yetirməyi tövsiyə edirəm", - deyə Meloni bildirib.
Tramp və Meloni arasında gərginlik ABŞ prezidentinin Fransada keçirilən "Böyük yeddilik" sammiti zamanı İtaliya hökumətinin başçısının ondan birgə şəkil çəkdirməyi xahiş etdiyini və onun da bunu "yazığı gəldiyi üçün" qəbul etdiyini deməsindən sonra daha da artıb. Meloni isə bu iddianı "tamamilə uydurma" adlandırıb.













