Cənubi Koreya dünyanın ən sürətlə böyüyən silah təchizatçılarından birinə çevrilib

 11:29 21.06.2026     235

Cənubi Koreya (Koreya Respublikası) qlobal miqyasda silahlara artan tələbat fonunda dünyanın ən sürətlə böyüyən silah təchizatçıları siyahısına daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına istinadən məlumat yayıb.

Nəşrin təhlilinə görə, bu sıçrayış dünyada silahlara ciddi tələbat yaradan irimiqyaslı münaqişələr, eləcə də ABŞ Prezidenti Donald Trampın ABŞ administrasiyasının NATO ölkələri qarşısında təhlükəsizlik öhdəliklərini azaltmaq barədə bəyanatları fonunda baş verir.

Məlumata görə, Cənubi Koreya hazırda ABŞ-dən sonra Avropadakı NATO üzvləri üçün ikinci ən böyük silah tədarükçüsü mövqeyinə yüksəlib. Avropada Koreya silahlarının alınmasına xüsusi maraq göstərən ölkələrin başında Polşa gəlir. Rəsmi Varşava hələ 2022-ci ildə Seul ilə "K2" tankları, raket buraxıcıları, artilleriya və digər hərbi texnikanın satınalınması üzrə 13,7 milyard dollarlıq nəhəng müqavilə imzalayıb.

Bildirilib ki, digər dövlətlərin Cənubi Koreyanı əsas tərəfdaş kimi seçməsinin ən mühüm səbəblərindən biri Seulun hərbi məhsulları sürətlə istehsal etmək qabiliyyətidir. KXDR (Şimali Koreya) ilə uzun illərdir davam edən qarşıdurma şəraiti ölkənin müdafiə sənayesi şirkətlərini hər an yüksək hazırlıq və böyük istehsal gücü rejimində işləməyə məcbur edib. Bundan əlavə, Koreya istehsalı olan silahların qiymət baxımından əlçatanlığı, eləcə də Seulun Ukrayna və Yaxın Şərq münaqişələrində tutduğu mövqe Qərb ölkələri üçün bu tərəfdaşlığı cəlbedici edir.

Açıqlamada qeyd olunub ki, tədqiqatçıların proqnozlarına əsasən, 2026-cı ildə Cənubi Koreyanın dörd aparıcı hərbi-sənaye nəhənginin – "Hanwha Group", "Hyundai Rotem", "LIG Nex1" və "Korea Aerospace Industries" şirkətlərinin ümumi gəliri təxminən 37 milyard dollara çatacaq. Bu isə 2021-ci ilin göstəriciləri ilə müqayisədə təxminən dörd dəfə artım deməkdir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən