Tehrandan beynəlxalq medianı təkzib edən bəyanat - İsveçrə görüşündə nələr danışılır?
İranın dövlət televiziyası İsveçrədə keçirilən dördtərəfli danışıqların ilk 80 dəqiqəsində Tehranın nüvə proqramı ilə bağlı hər hansı bir müzakirənin aparılmadığını bəyan edib.
Redaktor.az xəbər verir ki, rəsmi kanalın yaydığı bu bəyanat beynəlxalq mediada əvvəlcədən tirajlanmış iddialarla ciddi ziddiyyət təşkil edir.
Məlumata görə, rəsmi Tehran tərəflər arasındakı dördtərəfli görüşün ilkin mərhələsinin tamamilə fərqli mövzuları əhatə etdiyini diqqətə çatdırıb. Dövlət televiziyasının bu açıqlaması danışıqların gedişatını izləyən qlobal siyasi dairələrdə geniş rezonans doğurub.
Bildirilib ki, dördtərəfli görüşün əsas diqqət mərkəzində Livan ətrafındakı cari vəziyyət və tərəflər arasında əvvəllər əldə olunmuş anlaşma memorandumunun praktiki icrası məsələləri dayanıb. Rəsmi qurumlar ilk seansın tamamilə bu istiqamətdə keçdiyini vurğulayıblar.
Açıqlamada qeyd olunub ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan "Fars" xəbər agentliyi də proseslə bağlı mühüm detal paylaşıb. Agentliyin yaydığı məlumata görə, 80 dəqiqəlik gərgin müzakirələrin ardından nümayəndə heyətləri daxili məsləhətləşmələr aparmaq zərurəti ilə əlaqədar iclasın işində müvəqqəti fasilə elan ediblər və danışıqlar dayandırılıb.
Aminə ŞAHSUVARQIZI













