"Bu bəndlər icra olunmayana qədər yekun razılaşma yoxdur!"
İranın Xarici İşlər Nazirliyi müharibəyə son qoyan memorandumun əsas müddəaları tətbiq olunana qədər yekun razılaşma üzrə danışıqlara başlamağın qeyri-mümkün olduğunu bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü İsmayıl Bəqayi özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, rəsmi Tehran bütün cəbhələrdə döyüşlərin dayandırılması, həmçinin İranın neft ixracı və dondurulmuş aktivləri ilə bağlı addımların atılmasını əsas şərt kimi irəli sürüb. XİN rəsmisi vurğulayıb ki, yekun sənəd üzrə müzakirələrin start götürməsi memorandumun məhz 1, 4, 5, 10 və 11-ci bəndlərinin tam icrasından birbaşa asılıdır.
Bildirilib ki, hazırda İsveçrədə aparılan danışıqlar Livan da daxil olmaqla bütün cəbhələrdə müharibəyə son qoyulmasını tələb edən 1-ci bəndin reallaşmasına yönəlib. Bununla yanaşı, müzakirə masasında İranın neft ixracına icazə verilməsini nəzərdə tutan 10-cu bənd və ölkənin xaricdə bloklanmış maliyyə aktivlərinin azad edilməsini əhatə edən 11-ci bəndin icra mexanizmləri yer alır.
Aminə ŞAHSUVARQIZI













