Kafedən qovulan üç qadın qisas üçün obyekti YANDIRDI
Rusiyanın Kemerovo vilayətində üç qadın kafenin yandırılmasında şübhəli bilinərək saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Məlumata görə, qadınlar Prokopyevsk şəhərində ticarət mərkəzlərindən birinin zirzəmi mərtəbəsində yerləşən kafedə istirahət ediblər. Spirtli içki qəbul etdikdən sonra onlar digər müştərilərlə mübahisə edib, münaqişə daha sonra əlbəyaxa davaya çevrilib.
Mühafizəçi qadınlardan obyekti tərk etmələrini tələb etdikdən sonra onlar taksi ilə uzaqlaşıblar. Lakin bir müddət sonra qisas almaq qərarına gələrək geri qayıdıblar.
Şübhəlilər benzin olan kanistr taparaq yükləmə zonasında yerləşən taxta altlıqları yanacaqla isladıb və od vurublar. Həmin vaxt kafe artıq bağlı olduğundan xəsarət alan olmayıb. Buna baxmayaraq, yanğın nəticəsində təxminən 3,5 milyon rubl məbləğində ziyan dəyib.
Hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Polis görüntülər əsasında qadınların şəxsiyyətini müəyyən edərək onları saxlayıb.
Faktla bağlı özgənin əmlakını qəsdən yandırma yolu ilə məhv etmə maddəsi ilə cinayət işi başlanıb. Qadınları 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
NURİYYƏ













