"Hizbullah" İsraili Livanda atəşkəsi pozmaqda ittiham ETDİ
Livanın cənubunda nisbi sakitliyin hökm sürdüyü bir vaxtda şiə hərəkatı "Hizbullah" İsraili atəşkəs rejimini pozmaqda ittiham edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Sky News" "Hizbullah"ın yaydığı məlumata istinadən məlumat yayıb.
Livanın dövlət xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail hərbçiləri Nəbatiyyə əl-Fauqa şəhəri yaxınlığında yolu təmizləyən buldozerin ətrafında olan insanlara atəş açıblar. "Hizbullah" iddia edir ki, həmin şəxslər yolların açılması və dağıntılar altından cəsədlərin çıxarılması ilə məşğul olan mülki vətəndaşlar olub.
Hərəkatın bəyanatında bildirilir ki, İsrail ordusunun hücumu nəticəsində iki mülki şəxs həlak olub. Ölənlərdən birinin bələdiyyə əməkdaşı olduğu qeyd edilir. Hadisə zamanı bir neçə nəfərin yaralandığı da vurğulanıb.
"Hizbullah" hadisə ilə bağlı cavab addımlarının atılıb-atılmayacağı barədə məlumat verməyib.
İsrail ordusu isə hücumun ölkə hərbçiləri üçün "birbaşa təhlükə" yaradan silahlı şəxslərə qarşı həyata keçirildiyini açıqlayıb. Bildirilib ki, əməliyyat Livanın cənubunda yerləşən Əli əl-Tahir silsiləsi ərazisində aparılıb. İsrail həmin bölgəni təhlükəsizlik zonası elan edib.
NURİYYƏ













