"Dağıdılan infrastrukturu bərpa etməyə hazırıq" - Moskvadan Tehrana DƏSTƏK
Rusiyanın İrandakı səfiri Aleksey Dedov bəyan edib ki, Moskva ABŞ və İsrail ilə hərbi münaqişə nəticəsində zədələnmiş və ya dağıdılmış mülki və sənaye infrastrukturunun bərpasında Tehrana kömək etməyə hazırdır.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Tehran Times" qəzetinə istinadən xarici KİV-lər yayıb.
Rusiyalı diplomatın sözlərinə görə, ölkəsinin sənaye və tikinti şirkətləri, layihələndirmə və mühəndislik institutları, həmçinin elmi-texnoloji mərkəzləri unikal texnologiyalara, geniş imkanlara və müxtəlif sahələrdə böyük təcrübəyə malikdir. Səfir müsahibəsində rəsmi Tehrana çağırış edərək əməkdaşlığa yaşıl işıq yandırıb:
"İranlı tərəfdaşlarımızdan rəsmi sorğu və təkliflər alsaq, onları ən qısa müddətdə nəzərdən keçirməyə və əməkdaşlıq üçün konkret təkliflər təqdim etməyə hazırıq".
Aminə ŞAHSUVARQIZI













