Finlandiya Rusiya sərhədində nüvə qadağasını ləğv ETDİ

 18:57 27.06.2026     255

Finlandiya Prezidenti Aleksandr Stubb ölkəyə nüvə silahının idxalı və yerləşdirilməsinə qoyulan qadağanı aradan qaldıran Atom Enerjisi Qanununda dəyişiklik edən qanun layihəsini imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat Finlandiya parlamentinin rəsmi saytında dərc edilib.

"Deutsche Welle"yə istinadən yayılan xəbərə görə, sözügedən düzəlişlər iyulun 1-də rəsmən qüvvəyə minəcək.

Qeyd edək ki, martın 7-də Finlandiya Parlamenti bu düzəlişləri 61 səs əleyhinə olmaqla, 125 səslə təsdiqləmişdi. Ölkənin müdafiə naziri Antti Häkkänen bu islahatı "tarixi" adlandıraraq, addımın "Finlandiyanın və bütün NATO-nun təhlükəsizliyini gücləndirdiyini" bəyan edib.

Prezident Aleksandr Stubb isə bildirib ki, Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirmək niyyətində deyil:

"Söhbət nüvə silahlarının heç vaxt istifadə edilməməsini təmin etmək üçün hazırlanmış bir maneədən gedir".

Stubb bu qəti qərarın əsas səbəbi kimi qlobal təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsini göstərib və birbaşa Moskvanı hədəf alıb:

"Reallıq budur ki, qonşumuz Rusiya adlı təcavüzkar imperialist dövlətdir və o, Ottava Konvensiyasının (Piyada əleyhinə minaların qadağan olunması haqqında müqavilə) iştirakçısı deyil".

Xatırladaq ki, 2022-ci ilin may ayında Helsinki, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi fonunda NATO-ya qoşulmaq niyyətini rəsmi olaraq elan etmişdi. 2023-cü ilin aprel ayında isə Rusiya ilə 1300 kilometrdən çox sərhədi bölüşən Finlandiya rəsmən Şimali Atlantika Alyansının üzvü olub.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən