"Bu sazişlə sənin buradakı roluna son qoyuldu" - Netanyahudan İrana sərt ŞAPALAQ
İsrailin Baş naziri Benyamin Netanyahu şənbə günü bildirib ki, ABŞ-nin vasitəçiliyi ilə Livanla bağlanan çərçivə sazişi İran və Hizbullahı ölkədə hər hansı bir roldan tamamilə məhrum edir, İsrailə isə təhlükəsizlik zonası saxlamağa imkan verir.
Redaktor.az xəbər verir ki, Netanyahu bu sazişin regiondakı geosiyasi təsirlərini yüksək qiymətləndirib.
Baş nazir qeyd edib ki, sazişə əsasən İsrail, Livan və ABŞ mahiyyət etibarilə İrana qəti mesaj ünvanlayırlar: "Biz İrana deyirik ki, bu, sənin işin deyil. Sənin burada heç bir statusun, iştirakın və rolun yoxdur. Sənin, Hizbullahın və heç bir terror qruplaşmasının burada yeri yoxdur".
Netanyahu əlavə edib ki, çərçivə sazişi İrana "böyük zərbə" oldu, çünki rəsmi Tehran İsraili cənubi Livandan çıxarmaq hədəfinə nail ola bilmədi. Təhlükəsizlik zonası barədə danışan hökumət rəhbəri, Hizbullah və digər terror qrupları tam tərksilah olunana qədər İsrailin həmin zonanı saxlamağa davam edəcəyini vurğulayaraq, bu razılaşmanı "İsrail üçün tarixi bir nailiyyət" adlandırıb.
Aminə ŞAHSUVARQIZI













