"ABŞ İsraili buna məcbur etməlidir" - Tehrandan Vaşinqtona sərt Livan tələbi
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi bəyan edib ki, ABŞ İsraili Livana hücumlarını dayandırmağa və bu ölkədən çıxmağa məcbur etməlidir.
Redaktor.az xəbər verir ki, XİN rəsmisi bu barədə bazar günü keçirdiyi brifinqdə məlumat verib.
İsmayıl Bəqayi belə bir addımın regionda sabitliyin bərqərar edilməsi üçün yekun və davamlı razılaşmanın əldə olunmasında zəruri şərt olduğunu bildirib. O əlavə edib ki, İsrailin Livana hücumlarına son qoyulması və ordusunu bu ölkədən tamamilə çıxarması İranın ABŞ ilə imzaladığı anlaşma memorandumunun əsas müddəalarından biridir.
Nazirlik sözçüsü rəsmi Tehranın mövqeyini diqqətə çatdıraraq vurğulayıb ki, İran Livanın işğal olunmuş ərazilərindən İsrail qüvvələrinin qeyd-şərtsiz geri çəkilməsi üçün qısa zamanda konkret cədvəlin müəyyən edilməsini tələb edir.
Aminə ŞAHSUVARQIZI













