Qazaxıstanda irimiqyaslı hərbi təlimlər BAŞLAYIR
Qazaxıstanda ordunun döyüş hazırlığının yoxlanılması məqsədilə irimiqyaslı taktiki təlimlər keçiriləcək. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi teleqram kanalında bildirilib.
Məlumata görə, 29 iyun - 2 iyul tarixlərində keçiriləcək hərtərəfli təlimlərin əsas məqsədi qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsinə çatdırmaqdır. Bəyanatda həmçinin vurğulanıb ki, bütün hərbi fəaliyyətlər sırf təlim xarakteri daşıyır və əvvəlcədən təsdiq edilmiş plana uyğun olaraq reallaşdırılır.
Bununla belə, müdafiə qurumu hərbi texnika və avadanlıqların genişmiqyaslı daşınması ilə bağlı xəbərdarlıq edib. Təlimlər əsasən hərbi hissələrin ərazisində və poliqonlarda baş tutsa da, silahlı qüvvələrin müəyyən bölmələri təlim mərkəzlərinə doğru yürüş edəcək. Bu səbəbdən magistral yolların bəzi hissələrində mülki nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyula bilər.
Qazaxıstan Müdafiə Nazirliyi vətəndaşları, sosial media istifadəçilərini və media nümayəndələrini təlimlərlə bağlı yayılan şayiələrə uymamağa və yalnız rəsmi mənbələrin məlumatlarına etibar etməyə çağırıb.
Aminə ŞAHSUVARQIZI













