İstefa verən Kir Starmer gözünü NATO-nun baş katibi postuna dikdi: Şansları necədir?
İstefa verən Böyük Britaniyanın Baş naziri Keir Starmer 2028-ci ildə boş qalacaq NATO-nun Baş katibi vəzifəsi ilə maraqlanır.
Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın "The Observer" qəzeti məlumat yayıb.
Məqalənin müəllifi qeyd edir ki, Starmerin bu vəzifəyə seçilmək şansına sahib olması üçün ilk növbədə öz ölkəsinin davamlı hökumət dəstəyinə ehtiyacı olacaq. Lakin materialda vurğulanır ki, belə bir dəstəyi təmin etmək üçün siyasətçi öz varisi və tərəfdarları ilə mütləq razılığa gəlməlidir, bu isə "təəssüf ki, heç vaxt onun güclü tərəfi olmayıb".
Buna baxmayaraq, Starmerin tərəfdarları onun beynəlxalq arenadakı nüfuzuna diqqət çəkirlər. Onların sözlərinə görə, bu ayın əvvəlində keçirilən G7 sammiti digər Avropa liderlərinin Britaniyanın eks-baş nazirini nə qədər yüksək qiymətləndirdiyini bir daha nümayiş etdirib. Həmçinin bildirilir ki, onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə münasibətləri o qədər yaxındır ki, liderlər bəzən təsadüfən bir-birlərinə zəng edirlər.
Qeyd edək ki, NATO-nun baş katibi vəzifəsini hazırda Hollandiyanın keçmiş baş naziri Mark Rutte tutur. O, bu vəzifəyə seçilərkən Avropada namizədliyin müəyyənləşdirilməsi prosesinin son dərəcə "qeyri-şəffaf" olduğunu bəyan etmişdi.
Aminə ŞAHSUVARQIZI













