İraq İran və Körfəz ölkələrini sammitə çağırır
İraq hakimiyyəti İran, İraq və Fars körfəzinin ərəb dövlətləri arasında regional təhlükəsizlik formatının bərpa olunmasını təklif edib və belə bir görüşə Bağdadda ev sahibliyi etməyə hazır olduğunu bildirib. Bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn iranlı həmkarı Abbas Əraqçi ilə görüşündən sonra bəyanat verib.
Redaktor.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Fuad Hüseyn keçirilən birgə mətbuat konfransında regiondakı mövcud gərginliyin azaldılmasının vacibliyinə toxunub: “Danışıqlar zamanı Fars körfəzi ölkələri, İraq və İran arasında təhlükəsizlik və sabitliyin təmin olunmasına yönəlmiş üçtərəfli görüşlərə qayıtmaq ideyasını irəli sürdük. Bağdad belə bir sammitə ev sahibliyi etməyə tam hazırdır”. Nazir əlavə edib ki, regionun təhlükəsizliyi birbaşa olaraq elə buradakı dövlətlərin və xalqların məsuliyyətindədir.
Diplomat həmçinin vurğulayıb ki, İraqın ABŞ ilə də əla münasibətləri mövcuddur. Bu səbəbdən rəsmi Bağdad həm Tehran, həm də Vaşinqton arasındakı müharibə vəziyyətinə və gərginliyə son qoymaq üçün vasitəçilik etməyə, tərəflərə hər cür köməklik göstərməyə hazırdır.
Aminə ŞAHSUVARQIZI













