ABŞ və İran arasında razılaşma masada qaldı: Hörmüzdə "qaynar xətt" hələ də işləmir
ABŞ ordusu ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında Hörmüz boğazından keçən gəmiçiliyi koordinasiya etmək məqsədilə yaradılması nəzərdə tutulan birbaşa rabitə xətti hələ də işə düşməyib.
Redaktor.az xəbər verir ki, bu barədə "Axios" genişmaddəli analitik materialında bildirilib.
Məlumata görə, tərəflər ötən həftə İsveçrənin Bürgenstok kurortunda keçirilən ikitərəfli məsləhətləşmələr zamanı Hörmüz boğazında gərginliyi azaltmaq üçün belə bir "qaynar xətt"in yaradılması barədə razılığa gəlmişdilər. Lakin şənbə gününə olan məlumata əsasən, sözügedən birbaşa rabitə xətti hələ də fəaliyyət göstərmir.
Nəşr qeyd edir ki, ABŞ və İran regionda müntəzəm olaraq bir-birinin mövqelərinə zərbələr endirməkdə və vəziyyəti gərginləşdirməkdə qarşılıqlı ittihamları davam etdirirlər. Vəziyyətin hər gün daha da kəskinləşməsi fonunda ABŞ və İranın texniki qrupları arasında çərşənbə axşamı günü keçirilməsi planlaşdırılan növbəti İsveçrə danışıqlarının baş tutub-tutmayacağı sual altındadır.
Xatırladaq ki, bir müddət əvvəl tərəflər arasında Bürgenstokda keçirilən ABŞ-İran danışıqlarında müəyyən irəliləyişlərin əldə olunduğu bildirilirdi.
Aminə ŞAHSUVARQIZI













