"Qəzzadakı soyqırımın hesabını mütləq verəcəklər" - Ərdoğandan İsrailə sərt XƏBƏRDARLIQ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağındakı soyqırımda günahkar olanların mütləq şəkildə məsuliyyətə cəlb olunacağını bəyan edib. O, İsrail rəhbərliyinin törətdiyi cinayətlərin cavabsız qalmayacağını vurğulayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin "TRT Haber" televiziya kanalı məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) konfransındakı çıxışı zamanı Qəzzada yaşanan insanlıq dramına və mülki vətəndaşların hədəf alınmasına sərt reaksiya göstərib: “Qəzzada soyqırım törədilir və hücumlar hələ də davam edir. Onlar anası onu əmizdirərkən bir körpəni qəsdən öldürdülər. Parklarda və bağlarda minlərlə günahsız uşağı şəhid etdilər. Şübhəsiz ki, bu cinayətləri törədənlər hüquq qarşısında məsuliyyət daşıyacaqlar. Biz bu vəhşiliyi görməzdən gələ bilmərik”.
Türkiyə lideri bölgədəki hərbi əməliyyatların başladığı ilk gündən bəri İsrailə qarşı mütəmadi olaraq sərt ittihamlar səsləndirir, Təl-Əvivi Qəzza zolağında müharibə cinayətləri törətməkdə günahlandırır. Ankara bu addımlara etiraz olaraq hələ 2024-cü ilin may ayından etibarən İsrail ilə bütün ticarət əlaqələrini tamamilə dayandırıb.
Aminə ŞAHSUVARQIZI













