Mariya Maçado Venesuelaya qayıtmağa tələsir: Vaşinqton xəbərdarlıq etdi

 20:52 28.06.2026     290

Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ölkədə baş verən dağıdıcı zəlzələdən sonra ən qısa zamanda vətəninə qayıtmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bir neçə ABŞ rəsmi şəxsi Maçadonu xəbərdar edərək bildirib ki, onun hazırkı məqamda ölkəyə qayıdışı mövcud hakimiyyətlə ciddi qarşıdurmaya səbəb ola bilər. Eyni zamanda, bu addımın 1400-dən çox insanın ölümünə yol açan böyük zəlzələ fəlakətindən sonra diqqəti xilasetmə işlərindən yayındıracağı vurğulanıb. Hazırda Tramp administrasiyası daxilində bu məsələ ilə bağlı fikir ayrılığı hökm sürür; Dövlət katibi Marko Rubio da daxil olmaqla, bəzi rəsmilər Maçadonun qayıtmasını dəstəkləsə də, digər qrup siyasi qütbləşmənin və qeyri-sabitliyin qarşısını almaq üçün ondan tələsməməyi xahiş edir.

"Bloomberg" qeyd edir ki, müxalifət liderinin qayıdışı Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezi çətin seçim qarşısında qoyacaq: o, ya milli birlik nümayiş etdirərək əsas siyasi rəqibini qəbul etməli, ya da milli fəlakət dövründə siyasi məkanı daraltdığı barədə ağır ittihamlarla üzləşməlidir.

Xatırladaq ki, keçmiş parlamentari Mariya Korina Maçado 2024-cü ildə Nikolas Maduro hökumətinə qarşı kütləvi etirazların əsas liderlərindən olub. On il müddətinə ölkədən çıxışına qadağa qoyulan müxalifətçi, bir ilə yaxın gizləndikdən sonra 2025-ci ilin payızında Venesuelanı gizlicə tərk edib və elə həmin ilin oktyabrında Nobel Sülh Mükafatına layiq görülüb. 2026-cı ilin yanvarında ABŞ-nin müdaxiləsi ilə Nikolas Maduro devrildikdən sonra Tramp administrasiyası Maçadonun əvəzinə müvəqqəti prezident kimi Delsi Rodrigezi dəstəkləməyə başlayıb. "The Washington Post"un məlumatına görə, buna səbəb Maçadonun Nobel mükafatı medalını Trampa təhvil verməsi ilə bağlı yaşanan siyasi anlaşılmazlıqlardır.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən