İrandan Xameneinin dəfni ilə bağlı iddialı AÇIQLAMA
İranın Birinci Vitse-prezidenti Məhəmməd Rza Arif yaxın günlərdə keçiriləcək sabiq ali lider Əli Xameneinin dəfn mərasiminin "21-ci əsrin ən vacib hadisəsi" ola biləcəyini bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
Dəfn Komitəsinin rəhbəri olan Məhəmməd Rza Arif rəsmi açıqlamasında iyulun 4-dən 9-dək müxtəlif şəhərlərdə reallaşacaq irimiqyaslı mərasimlərə hazırlıqların yüksək səviyyədə davam etdiyini bildirib. Vitse-prezident qeyd edib ki, paytaxt Tehran başda olmaqla, digər bölgələrdə milyonlarla insanın iştirakı gözlənildiyi üçün izdihamın və nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə xüsusi təhlükəsizlik və loqistika tədbirləri görülüb.
O, qonşu ölkələrdən də milyonlarla zəvvarın mərasimə qatılmaq üçün müraciət etdiyini, lakin ölkənin qəbul imkanları çərçivəsində tənzimləmələr aparıldığını diqqətə çatdırıb.
Xatırladaq ki, cari ilin fevral ayında sui-qəsd nəticəsində həlak olan Əli Xameneinin dəfn mərasimi hərbi və təhlükəsizlik şəraiti ilə əlaqədar bir neçə ay təxirə salınmışdı. Son proqrama əsasən, vida mərasimlərinin İrandan başqa İraqın Nəcəf və Kərbəla şəhərlərini də əhatə edəcəyi bildirilir.
Aminə ŞAHSUVARQIZI













