"Tramp diplomatiyaya şans verir, lakin ABŞ-nin səbri əbədi deyil" - Mayk Valts

 22:57 28.06.2026     285

ABŞ və İran arasında nüvə proqramına dair texniki səviyyədə danışıqlar davam edir. Bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Valts bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Mayk Valts telekanala verdiyi müsahibəsində tərəflər arasındakı müzakirələrin detallarına toxunub: "Nüvə obyektlərinə müfəttişlərin buraxılması, uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması və İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etməyə yönəlmiş digər mühüm aspektlər barədə müzakirələr, xüsusən də texniki səviyyədə hazırda davam edir".

Daimi nümayəndə vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp həmişə "diplomatiyaya şans verir", lakin Amerika liderinin səbri əbədi deyil. Valtsın sözlərinə görə, rəsmi Vaşinqton Tehrana təsir göstərmək üçün hərbi variantlar da daxil olmaqla "bütün seçimləri masanın üstündə saxlayacaq".

Xatırladaq ki, iyunun 18-nə keçən gecə İran və ABŞ fevralın 28-də başlamış hərbi münaqişəyə son qoymağı hədəfləyən memorandum imzalayıblar. Sənəddə ABŞ-nin dəniz blokadasını ləğv edəcəyi və İslam Respublikasının Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəyi vaxt qrafiki müəyyən edilib. Buna baxmayaraq, ABŞ-nin İrandakı hərbi hədəflərə zərbələri və Tehranın Fars körfəzindəki Amerika bazalarına raket hücumları səbəbindən bölgədə gərginlik yüksək olaraq qalır.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən