"İsrail qondarma qərarla öz cinayətlərini ört-basdır edə bilməz" - Türkiyə XİN
Türkiyə Xarici İşlər Nazirliyi İsrail hökumətinin 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımaq barədə qərarına sərt reaksiya verib. Ankara bu addımı tamamilə siyasi xarakterli və Qəzzadakı mövcud vəziyyətlə birbaşa əlaqəli adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında bildirilib.
Bəyanatda qeyd olunur ki, İsrail hökuməti qondarma iddialarla bağlı siyasi qərar qəbul etməklə beynəlxalq ictimaiyyət qarşısında öz cinayətlərini ört-basdır etməyə çalışır: "İsrailin qəbul etdiyi bu qərar sırf siyasi maraqlara xidmət edir, heç bir tarixi və hüquqi faktı nəzərə almır".
Ankara həmçinin bəyan edib ki, bu addım İsrailin Baş naziri Binyamin Netanyahu və onun rəhbərliyinin Qəzza zolağında törətdikləri hərəkətlərə görə beynəlxalq hüquqi proseslər qarşısında necə çıxılmaz vəziyyətdə qaldıqlarının bariz sübutudur.
Türkiyə Xarici İşlər Nazirliyi bəyanatın sonunda vurğulayıb ki, rəsmi Ankara İsrailin regionda sabitliyi pozmağa yönəlmiş aqressiv siyasətinə son qoyulması istiqamətində diplomatik mübarizəsini qətiyyətlə davam etdirəcək.
Xatırladaq ki, İsrail hökuməti bazar günü keçirilən iclasında Osmanlı İmperiyası dövründə baş vermiş 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamə layihəsini yekdilliklə təsdiqləyib.
Aminə ŞAHSUVARQIZI













