Timsah kişiyə hücum ETDİ
Meksikada 28 yaşlı kişi timsahın hücumu nəticəsində həyatını itirib.
Redaktor.az bu haqda xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, hadisə Puerto Vallarta şəhərindəki kurortlardan birinin yaxınlığında baş verib. Hovuz kənarında istirahət edən turistlər okeandan gələn kömək çağırışını eşidərək suya baxıblar. Onlar timsahın bir kişiyə hücum etdiyini görüblər və dərhal köməyə çağırıblar.
Hadisə yerinə gələn xilasedicilər daha sonra timsahın hücumuna məruz qalan şəxsin qalıqlarını aşkar ediblər. Bildirilib ki, həyatını itirən şəxs iş məqsədilə Puerto Vallartaya gəlmiş 28 yaşlı Meksika vətəndaşı olub. Hücum edən timsah isə sonradan tutulub.
Qeyd edək ki, Amerika timsahı ABŞ-nin cənubunda, Meksikada, Mərkəzi və Cənubi Amerikada yaşayır. Bu növün uzunluğu 4-5 metrə çata bilir. Digər timsah növləri ilə müqayisədə daha az aqressiv sayılsa da, bəzi hallarda insanlara hücum etdiyi bildirilir. Hazırda bu növ ovlanma və yaşayış mühitinin azalması səbəbindən qorunan heyvanlar sırasındadır.
Aytəkin TOFİQQIZI













