Tramp Ali Məhkəmənin qərarını “Çinin qələbəsi” adlandırdı

 22:35 30.06.2026     438

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin doğum yerinə görə vətəndaşlıq hüququnun məhdudlaşdırılması barədə fərmanını konstitusiyaya zidd hesab etməsi qərarını "Çinin qələbəsi" adlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

"Mən Çin Xalq Respublikasının Sədri Si Cinpini və böyük Çin ölkəsini doğulma hüququna görə vətəndaşlıq məsələsində qazandıqları möhtəşəm qələbə münasibətilə təbrik etmək istərdim", — deyə o, yazıb.

Digər paylaşımında isə Tramp Ali Məhkəmənin bu qərarından məyus olduğunu bildirib və Konqresi qanun layihəsi vasitəsilə bu normanı ləğv etməyə çağırıb.

Qeyd edək ki, Tramp bundan əvvəl dəfələrlə öz fərmanını əsaslandırarkən doğulma yerinə görə vətəndaşlıq normasının ilkin olaraq "qulların övladları və onların müdafiəsi üçün nəzərdə tutulduğunu" vurğulamışdı. "Bu norma Çindən və ya digər ölkələrdən olan milyarderlər üçün deyil", — deyə o qeyd etmişdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən