“ABŞ və İran arasında yenidən genişmiqyaslı müharibə gözləmirəm” - Metyu Brayza
"İranla Amerika Birləşmiş Ştatları arasında yenidən genişmiqyaslı hərbi münaqişənin başlanması ehtimalı azdır. Çünki hər iki ölkənin rəhbərliyi bu vəziyyətə son qoymaq istəyir. İran rəhbərliyi üçün bu müharibə onsuz da çox zəif olan, bəlkə də çökməkdə olan ölkə iqtisadiyyatına ağır zərbə vururdu. Keçən ilin dekabrında və bu ilin yanvarında gördüyümüz kimi, bu gərginlik Tehrandakı rejimi təhdid edəcək həddə çatan ümummilli etiraz aksiyalarına səbəb oldu. Rejim bu nümayişləri yatırmaq üçün böyük hərbi gücdən istifadə etdi və bu, görünür, minlərlə, bəlkə də on minlərlə İran vətəndaşının ölümünə yol açdı. Ona görə də, müharibənin yaratdığı iqtisadi tənəzzülün qarşısını almaq hazırda İran rəhbərliyinin əksəriyyəti üçün bir zərurətdir".
Bu fikirləri Redaktor.az-a ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza səsləndirdi.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da eyni şəkildə müharibəni bitirmək niyyətindədir:
"Düşünürəm ki, o, İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən ya manipulyasiya edildiyini, yaxud ona yanlış və qeyri-dəqiq məlumatlar verildiyini hiss edir. Netanyahu iddia edirdi ki, ABŞ və İsrail birlikdə İranın ali rəhbərliyini sıradan çıxarmaqla sürətli bir hərbi qələbə qazana bilər. Onun fikrincə, bu addım İran rejiminin çökməsinə, mövcud sistemdən uzaqlaşmağa və nüvə proqramının birdəfəlik dayandırılmasına səbəb olacaqdı. Lakin Prezident Trampın da gördüyü kimi, reallıq bundan qat-qat mürəkkəbdir və təbii ki, bu yanaşma işə yaramadı. Hazırda həm ABŞ, həm də İran rəhbərliyi müharibəni dayandırmaq istəsə də, iki ölkə arasında gərginlik hələ də yüksək olaraq qalır. Tərəflərin razılaşdığı Anlaşma Memorandumu sadəcə gələcək genişmiqyaslı sülh nizamlanması, bəlkə də yekun sülh müqaviləsi üçün çərçivə rolunu oynayır. Bu sənəd, eynilə Azərbaycan və Ermənistan arasında müzakirə olunan əsas prinsiplər kimi, yalnız ümumi çərçivəni müəyyən edir və öz-özlüyündə sülh müqaviləsi hesab olunmur".
Diplomat qeyd etdi ki, həm İranda, həm də ABŞ-də bu memorandumun şərtlərini bəyənməyən, hətta müharibənin davam etməsini istəyən siyasi qüvvələr var:
"Məsələn, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daxilində memorandumu açıq şəkildə tənqid edənlər mövcuddur. Bildirilir ki, Hörmüz boğazından keçməyə çalışan gəmilərə raket atanlar da məhz onlardır. İnqilab Keşikçiləri boğazdan hansı gəmilərin keçə biləcəyini İranın tənzimləməsini tələb edir. ABŞ isə buna etiraz edərək bildirir ki, İranın belə bir hüququ yoxdur. İran tərəfi isə memorandumun 5-ci maddəsinə istinad edərək qeyd edir ki, həmin maddədə İranın boğazda təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyət daşıdığı göstərilib. ABŞ isə cavabında bildirir ki, bu məsuliyyət İrana dəniz hərəkətini məhdudlaşdırmaq hüququ vermir. Gördüyümüz kimi, tərəflər arasında hələ də danışıqlar yolu ilə razılaşdırılmalı olan bir sıra məsələlər qalır. ABŞ-nin daxilində də vəziyyət oxşardır. Həm Demokratlar Partiyasından olan müxalif siyasətçilər, həm də Respublikaçılar Partiyasından Prezident Trampın müttəfiqləri hesab edirlər ki, ABŞ İrana qarşılığında çox az şey əldə etməklə həddindən artıq güzəştə gedib. Məhz buna görə də onlar memorandumun icrasını dəstəkləmirlər".
Metyu Brayza qeyd etdi ki, bütün bunlara baxmayaraq, hər iki ölkənin ali rəhbərliyi prosesi irəli aparmaqda qərarlıdır:
"ABŞ-nin "Axios" xəbər portalının bu səhər yaydığı məlumata görə, İran və ABŞ rəhbərliyi yenidən danışıqlar masasına qayıtmağa razılaşıb. Baxmayaraq ki, həmin danışıqlar bir qədər əvvəl İran tərəfindən təxirə salınmışdı və hələ rəsmi şəkildə başlamayıb, yaxud sabah başlamayacaq. Hesab edirəm ki, müzakirələr yaxın günlərdə bərpa olunacaq. Tərəflər bütün məsələlər üzrə tam razılığa gəlmədikləri üçün gərginlik hələ bir müddət davam edəcək və müzakirə edilməli çoxlu məsələlər qalır. Bununla belə, mən yenidən genişmiqyaslı müharibənin başlayacağını gözləmirəm".
Xədicə BAXIŞLI













