İrlandiyada Avropanın ən qədim şəhərlərindən biri aşkar EDİLDİ
İrlandiyada aparılan arxeoloji qazıntılar zamanı Avropanın ən qədim şəhər tipli yaşayış məskənlərindən birinin qalıqları aşkarlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Antiquity elmi jurnalında dərc olunan araşdırmada bildirilib.
Qlazqo Universiteti və Belfastdakı Kral Universitetinin alimləri Şimali İrlandiya ərazisində yerləşən Hoqi-Fort qalasında son Tunc dövrünə aid 200-dən çox taxta yaşayış tikilisinin izlərini aşkar ediblər.
Tədqiqat zamanı diametri 30 metrə çatan dairəvi tikililər də müəyyən edilib. Alimlərin fikrincə, bu tikililər ictimai və ya inzibati məqsədlər üçün istifadə olunub.
Araşdırma müəllifləri hesab edirlər ki, bu kompleks Qərbi Avropanın ən erkən protoşəhər mərkəzlərindən biri sayıla bilər.
Qazıntılar zamanı inkişaf etmiş bürünc və qızıl məmulatı istehsalına dair sübutlar da əldə olunub. Bundan əlavə, Pireney yarımadası və Mərkəzi Avropadan gətirilmiş əşyaların tapılması həmin dövrdə geniş ticarət əlaqələrinin mövcud olduğunu göstərir.
NURİYYƏ













