9 il sonra üzə çıxdı: Türkiyənin ən varlı iş adamı jurnalisti qətlə yetirib
Maltalı iş adamı Yorgen Feneçin jurnalist qətli ilə bağlı məhkəməsi başlayıb.
Redaktor.az xəbər verir ki, Maltanın nüfuzlu iş adamlarından biri, “Hilton Malta” otel və kazino şəbəkəsinin sahibi Yorgen Feneçin araşdırmaçı jurnalist Daphne Caruana Galizianın qətli ilə bağlı məhkəmə prosesi Valletta şəhərində start götürüb.
İstintaq materiallarına əsasən, Feneç jurnalistin qətlə yetirilməsi üçün üç nəfər muzdlu qatilə ümumilikdə 150 min avro ödəyib. Bildirilir ki, qətldən bir gün əvvəl jurnalistin avtomobilinə sürücü oturacağının altına uşaq ayaqqabısı qutusunda gizlədilmiş partlayıcı yerləşdirilib.
Məlumata görə, Feneç taksi sürücüsü Melvin Teuma vasitəsilə George və Alfred Degiorgio qardaşları ilə əlaqə yaradaraq sui-qəsdi təşkil edib. Razılaşmaya əsasən, məbləğin 30 min avrosu əvvəlcədən ödənilib, qalan hissəsinin isə sonradan verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Daphne Caruana Galizia hökumət və iri biznes dairələrində korrupsiya iddiaları ilə bağlı araşdırmaları ilə tanınırdı. Onun 2017-ci ildə qətlə yetirilməsi Avropada geniş rezonans doğurmuşdu.
Xatırladaq ki, Yorgen Feneç 7 il əvvəl həbs olunsa da, hüquqi prosedurlar səbəbindən məhkəmə prosesi uzun müddət təxirə salınmışdı. İş üzrə 7 nəfər ittiham olunur. Onlardan 5-i artıq məhkum edilib, bir nəfər isə istintaqla əməkdaşlıq etdiyi üçün əfv olunub. Feneç bu iş üzrə mühakimə olunan sonuncu təqsirləndirilən şəxsdir.
Aminə ŞAHSUVARQIZI













