Ukrayna Zelenskinin seçkilərlə bağlı yeni görüş keçirmək niyyətini AÇIQLADI
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə keçiriləcək seçkilərin təşkili ilə bağlı növbəti strateji görüş keçirməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, Ukrayna dövlət başçısı seçkilərin keçirilməsi ehtimalını daha ətraflı dəyərləndirmək üçün yeni bir strateji sessiya təşkil etmək niyyətindədir.
Məlumata görə, analoji mövzuda keçirilən bundan əvvəlki görüşdə Prezident Zelenskiyə David Araxamia, Mixaylo Fedorov, Rustem Umerov, Oleq Tatarov və Kirill Budanov kimi rəsmi şəxslər qoşulub. Həmin müzakirələrin əsas mövzularından biri məhz bu payızda seçkilərin keçirilməsi ehtimalı olub. Növbəti görüşdə isə bu planın detallarının daha dərindən nəzərdən keçiriləcəyi gözlənilir.
Mütəxəssislərin fikrincə, müharibə şəraitində seçkilərin təşkili həm təhlükəsizlik, həm də logistika baxımından ciddi çətinliklər yaradır. Buna baxmayaraq, rəsmi Kiyevin prosesi aktiv şəkildə müzakirə etməsi ölkənin daxili siyasi gündəmində mühüm dəyişikliklərin siqnalı ola bilər.
Aminə ŞAHSUVARQIZI













