Kremldən Ankara sammiti öncəsi həyəcan təbili: "Böyük təxribatlara hazır olmalıyıq"
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva gələn həftə Türkiyədə keçiriləcək NATO sammitindən əvvəl ayıq olmalı və Kiyevdən gələn mümkün təxribatlara qarşı hazırlıqlı dayanmalıdır.
Redaktor.az xəbər verir ki, Kremlin rəsmi sözçüsü bu barədə "Vesti" Xəbər Agentliyinin müəllifi Pavel Zarubinin suallarını cavablandırarkən məlumat verib.
Bildirilib ki, NATO-nun növbəti zirvə görüşü 7-8 iyul tarixlərində Ankarada baş tutacaq. Dmitri Peskov yaranmış vəziyyətlə bağlı xəbərdarlıq edərək, "Biz təxribatları gözləməli və istənilən an ayıq olmalıyıq" ifadələrini işlədib.
Məlumata görə, mətbuat katibi Ukraynadakı xüsusi hərbi əməliyyatın artıq "əsl müharibə kimi davam etdiyini" vurğulayıb. O, bunun səbəbini Kiyevin Berlin, Paris, Haaqa, Oslo və Vaşinqton kimi paytaxtlardan birbaşa hərbi dəstək alması ilə əlaqələndirib. Peskov qeyd edib ki, Qərb dövlətləri öz peykləri və mövcud infrastrukturları vasitəsilə xarici silahları birbaşa Rusiyanın hədəflərinə yönəltməyə kömək edir.
Mütəxəssislərin və rəsmi Moskvanın fikrincə, cəbhədəki dinamikanın hər gün Kiyev üçün qaçılmaz dərəcədə pisləşməsi fonunda Ukrayna Silahlı Qüvvələri Rusiyanın mülki infrastrukturuna hücumları artırıb. Kreml rəsmisi bu addımları kəskin pisləyərək "terrorizm" adlandırıb və cari şərtlər altında Moskvanın hər cür ssenariyə hazır olduğunu diqqətə çatdırıb.
Aminə ŞAHSUVARQIZI













