Polşa Ukraynaya edilən bütün hərbi yardımların hesabatını AÇIQLAYACAQ

 21:07 05.07.2026     230

Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış, Varşavanın Kiyevə gizli şəkildə "Patriot" raketləri ötürməsi barədə yayılan iddialar fonunda, Ukraynaya edilən hərbi yardımların təfərrüatlarını ictimaiyyətə açıqlamaq qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Polşanın rəsmi media qurumları yayıb.

Bildirilib ki, bu addım ölkədə yaranan daxili siyasi müzakirələri şəffaflaşdırmaq məqsədi daşıyır. Müdafiə naziri Vladislav Kosiniak-Kamış özünün "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda Baş nazir Donald Tuskla məsləhətləşmələr apardığını və hesabatlılıq prinsipini rəhbər tutaraq 2022–2026-cı illər ərzində Ukraynaya göndərilən bütün hərbi yardım tranşlarının məlumatlarının açıqlanması barədə əmr verdiyini bildirib. Nazir, həmçinin dövlət sirri hesab olunan bu cür tədarüklər haqqında məlumatları mediaya sızdıran şəxslərin müəyyən edilməsi üçün Hərbi Əks-Kəşfiyyat Xidmətinə (SKW) xüsusi tapşırıq verdiyini vurğulayıb.

Məlumata görə, bu qərar müxalifətin və bəzi siyasi dairələrin hökuməti mart ayında gizli şəkildə Ukraynaya bahalı "Patriot" raketləri ötürməkdə ittiham etməsindən sonra qəbul edilib. Polşa prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç da mövzu ilə bağlı açıqlamasında Polşanın cari ilin yazında Ukraynaya sözügedən raketləri təhvil verməsi ehtimalının kifayət qədər yüksək olduğunu bildirmişdi.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən