Ankarada NATO Liderlər Zirvəsi BAŞLADI - YENİLƏNİB

 11:32 07.07.2026     326

36-cı NATO Liderlər Sammiti öz işinə başlayıb.

Redaktor.az xəbər verir ki, açılış mərasimində NATO-nun Baş katibi Mark Rutte çıxış edib.

Çıxışdan sonra Rutte müttəfiq ölkələrin nümayəndələrini səhnəyə dəvət edib. Daha sonra sammit iştirakçıları ilə birgə xatirə fotosu çəkdirilib.

Mərasim çərçivəsində NATO-nun hərbi imkanlarını və alyansın müdafiə potensialını əks etdirən videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, NATO sammiti çərçivəsində bir sıra iri həcmli silah tədarükü müqavilələrinin elan olunacağı gözlənilir.

***

Bu gün Ankara şəhərində Prezident Administrasiyasının kompleksində NATO-nun 36-cı Liderlər Zirvəsi öz işinə başlayır.

Redaktor.az xəbər verir ki, iki gün davam edəcək tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ev sahibliyi edəcək, iclaslara isə NATO-nun Baş katibi Mark Rutte rəhbərlik edəcək.

Bildirilir ki, sammitdə ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, 31 müttəfiq ölkənin dövlət və hökumət başçıları, eləcə də dəvət olunmuş digər ölkələrin liderləri iştirak edəcəklər. Tədbirlə əlaqədar Prezident Administrasiyasının kompleksi minlərlə diplomat, yüksəkvəzifəli məmur və qonağı qəbul etmək üçün tam hazırlıq vəziyyətinə gətirilib.

Qeyd olunur ki, zirvə çərçivəsində alyansın gələcək fəaliyyət istiqamətləri, qlobal və regional təhlükəsizlik məsələləri, həmçinin qarşıdakı dövr üçün əsas prioritetlər müzakirə ediləcək.

Sammit həm beynəlxalq təhlükəsizlik gündəliyinin aktuallığı, həm də Türkiyənin qlobal siyasətdə artan rolunun nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən