Kompüter oyunu oynayan 13 yaşlı yeniyetməni ildırım VURDU

 14:50 09.07.2026     269

ABŞ-nin Texas ştatında kompüterdə video oyunu oynayan 13 yaşlı yeniyetməni ildırım vurub.

Redaktor.az xəbər verir ki, bu barədə "ABC News Harris" dairəsi polisinin sözçüsü Mark Hermana istinadən məlumat yayıb.

Hadisə çərşənbə axşamı Hyuston şəhəri yaxınlığındakı Saypress qəsəbəsində baş verib. Məlumata görə, ildırım evin elektrik sisteminə düşərək naqillər vasitəsilə həmin vaxt kompüterdə oyun oynayan yeniyetməyə keçib. İldırım eyni zamanda evin çardağında kiçik yanğına da səbəb olub.

Yeniyetmə bildirib ki, hadisə zamanı bütün bədənindən güclü elektrik cərəyanı keçdiyini hiss edib, parlaq ağ işıq görüb və daha sonra başgicəllənməsi ilə yerə yıxılıb. Güclü gurultunun qulaqlarını kar etdiyini deyən yeniyetmə qorxudan qışqırmağa başlayıb.

Hadisə yerinə gələn tibb işçiləri ona ilkin tibbi yardım göstəriblər. Həkimlər yeniyetmənin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını bildiriblər.

Yeniyetmənin anasının sözlərinə görə, elektrik cərəyanının təsirindən onun sinəsində iz qalıb. Ailə ehtiyat məqsədilə oğlanı yaxın günlərdə ətraflı tibbi müayinədən keçirməyi planlaşdırır.

Hadisə nəticəsində evin damındakı qaz xətti və bir neçə məişət texnikası da zədələnib. Əraziyə yanğınsöndürən briqadaları cəlb olunub.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən