"İran Trampı öldürmək üçün sui-qəsd hazırlayıb" - İsrail

 09:53 10.07.2026     282

İsrail İranın Trampa qarşı sui-qəsd planlaşdırdığını iddia edib.

Redaktor.az xəbər verir ki, "Wall Street Journal" qəzetinin məsələ ilə tanış olan mənbələrə istinadən yaydığı məlumata görə, İsrailin Vaşinqtonla paylaşdığı kəşfiyyat məlumatlarında İranın ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd planlaşdırdığı iddia olunur.

Məlumata əsasən, bu iddialar Vaşinqton və Tehran arasında gərginliyin daha da artacağına işarə edir. Bildirilir ki, İran 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) elit Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə görə dəfələrlə ABŞ-dən qisas alacağını bəyan edib.

Xəbərdə qeyd olunur ki, İranın Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şamxani daha əvvəl rəsmilərin "13 qisas ssenarisini" müzakirə etdiyini açıqlamış və ən zəif variantın belə amerikalılar üçün "tarixi kabusa" çevrilə biləcəyini bildirmişdi. Məlumata görə, Şamxani 2026-cı ilin fevral ayında İsrailin Tehrana endirdiyi zərbələr zamanı altı iranlı hərbi rəhbərlə birlikdə həlak olub.

Bildirilir ki, Vaşinqtondakı İsrail səfirliyi sui-qəsd iddiaları ilə bağlı şərh verməkdən imtina edib. İranın BMT-dəki daimi nümayəndəliyi isə məsələ ilə bağlı sorğuya dərhal cavab verməyib.

Ağ Evin isə "Wall Street Journal"a ABŞ Prezidenti Donald Trampın NATO Zirvə Toplantısında səsləndirdiyi fikirlərə istinad etdiyi qeyd olunur. Tramp çıxışında İranın onu hədəfə aldığını iddia edərək, "Onlar ABŞ liderini – məni – aradan qaldırmaq istəyirlər. Mən onların hər siyahısındayam. İndiyə qədər şanslı olmuşam, amma bu, bəlkə də çox uzun çəkməyəcək", - deyə bildirib.

Məlumata görə, son gərginliyə baxmayaraq, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu telefon danışığı zamanı koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd olunub ki, İranın Hörmüz boğazında üç ticarət gəmisinə hücum etməsindən sonra gərginləşən vəziyyət fonunda İran və ABŞ son iki gündə qarşılıqlı hücumlar həyata keçirib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən