Ad günü məclisində xoşagəlməz hal: Döşəmə qəfil çökdü
Braziliyanın Para əyalətində 15 yaşlı məktəbli qızın ad günü məclisində xoşagəlməz hadisə baş verib.
Redaktor.az bu haqda xarici mediaya istinadla xəbər verir.
Təxminən 230 nəfərin iştirak etdiyi şənlik zamanı qonaqlar ad günü qızının fotosessiyasını izləyərkən ziyafət zalının döşəməsi qəfil çöküb.
Nəticədə 10-dan çox insan yaranan çuxura düşüb. 15 yaşdan 70 yaşadək 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananların bəzilərində sümük sınıqları və ağır çıxıqlar aşkarlanıb. Hadisədən sonra ad günü qızının anasının şok keçirərək huşunu itirdiyi bildirilib.
Məlumata görə, ailə şənliyin təşkilatçılarından 40 min Braziliya realı məbləğində təzminat tələb edir.
Hazırda hökumətin yaratdığı komissiya binanın vəziyyətini araşdırır. Zalın rəhbərliyi isə ailə ilə əlaqədə olduqlarını və istintaqla əməkdaşlıq etdiklərini açıqlayıb.
Qeyd edək ki, Braziliyada qızların 15 yaşı xüsusi əhəmiyyət daşıyır və bu münasibətlə adətən çoxsaylı qonaqların iştirak etdiyi təntənəli mərasimlər təşkil olunur. Hadisədən bir gün sonra isə qızın yaxınları və qonşuları onun üçün yaşadığı küçədə yeni bir ad günü məclisi təşkil ediblər.
Aytəkin TOFİQQIZI













