Səyahətə çıxanlar üçün vacib tövsiyə: İlk yardım çantanızda bunlar mütləq olmalıdır
Səyahət zamanı gözlənilməz sağlamlıq problemləri ilə qarşılaşmamaq üçün ilk yardım çantasını düzgün hazırlamaq vacibdir.
Redaktor.az xəbər verir ki, bu barədə klinik əczaçı Sue Ojadjir "The Independent" nəşrinə açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, böyüklər üçün səyahət ilk yardım dəstində allergiya və həşərat dişləmələrinə qarşı antihistaminik dərmanlar, antiseptik salfetlər, sarğılar, ağrıkəsicilər və rəqəmsal termometr olmalıdır. Bundan əlavə, əl dezinfeksiyaedici, günəşdən qoruyucu vasitə, həşərat kovucusu və susuzlaşma zamanı istifadə edilən elektrolit paketlərinin də götürülməsi tövsiyə edilir.
Əczaçı bildirib ki, səyahət ilk yardım dəsti mürəkkəb deyil, fərdi ehtiyaclara uyğun hazırlanmalıdır. Onun sözlərinə görə, çanta hazırlanarkən gediləcək məkan, planlaşdırılan fəaliyyətlər, xroniki xəstəliklər və səyahətçinin xüsusi ehtiyacları nəzərə alınmalıdır.
Sue Ojadjir yaşlı şəxslərə kompressiya corabları, istifadə etdikləri tibbi cihazlar, eləcə də həmin cihazların şarj qurğuları və ehtiyat batareyalarını özləri ilə aparmağı məsləhət görüb.
O qeyd edib ki, uşaqlar və körpələr üçün isə yaşa uyğun dərmanlar, duzlu burun spreyi, qıcıqlanma əleyhinə krem və nəmləndirici məhlullar ilk yardım çantasında mütləq yer almalıdır.
Mütəxəssis vurğulayıb ki, tanış dərman və tibbi ləvazimatları səyahətə çıxmazdan əvvəl evdən götürmək, onları tanımadığınız yerdə axtarmaqdan daha təhlükəsiz və rahatdır.
Aytəkin TOFİQQIZI













