Balığın bu qədər geosiyasi əhəmiyyət daşıdığını bilmirdim - Kallas
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas etiraf edib ki, balığın geosiyasi əhəmiyyət daşıdığını vəzifəyə başladıqdan sonra anlayıb.
Redaktor.az xəbər verir ki, o, bu barədə Avropa Komissiyasının Rusiyadan balıq və dəniz məhsullarının idxalına embarqo tətbiq edilməsi təklifinin Aİ ölkələri tərəfindən 21-ci sanksiyalar paketinə daxil edilməməsini şərh edərkən bildirib.
"Bu vəzifəyə gələndə balığın bu qədər geosiyasi əhəmiyyət daşıdığını bilmirdim", – deyə Kallas çıxışında bildirib.
Qeyd edək ki, ötən il Ümumrusiya Balıqçılıq Sənayesi Assosiasiyasının prezidenti German Zverev Avropa İttifaqının dünyada ağ balığın ən böyük istehlakçısı olduğunu və bu bazarın Rusiya mənşəli treska və mintay idxalından ciddi şəkildə asılı qaldığını bildirmişdi.
Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Avropadakı balıq emalı müəssisələri üçün xammal çatışmazlığı yaradıb və nəticədə istehlak bazarında qiymətlərin artmasına səbəb olub.
Xədicə BAXIŞLI













