Balıq kimi üzür, quş kimi uçur: Alimlər yeni robot hazırladılar
İsveçrə və ABŞ mühəndisləri həm su altında üzə, həm də suyun səthindən birbaşa havaya qalxa bilən yeni robot hazırlayıblar.
Redaktor.az xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunan araşdırmada məlumat verilib.
Flapping Amphibious Aerial Vehicle (FAAV) adlandırılan robot İsveçrənin Lozanna Federal Politexnik Məktəbi (EPFL) və Massaçusets Texnologiya İnstitutunun (MIT) mütəxəssisləri tərəfindən hazırlanıb. Layihə suya baş vuran dəniz quşlarının – puffin, qağayı, dalğıc quşu və fırtınaquşunun hərəkət prinsiplərindən ilhamlanaraq hazırlanıb.
Çəkisi 300 qramdan az olan robot xarici görünüşünə görə quşu xatırladır. Qurğu iki elastik qanad, quyruq stabilizatoru və suya davamlı elektrik mühərriki ilə təchiz edilib. Qanadlar suyu itələyən xüsusi hidrofob örtüklü nazik membrandan hazırlanıb ki, bu da robotun su ilə hava arasında sürətlə keçid etməsinə imkan yaradır.
Sınaqlar zamanı robot su altında saniyədə təxminən 1 metr sürətlə hərəkət edib və qanadlarını saniyədə beş dəfə çırpıb. Səthə çıxdıqdan sonra isə əlavə mexanizm olmadan dərhal havaya qalxaraq saniyədə təxminən 6 metr sürətlə uçmağa başlayıb. Havaya qalxmaq üçün robotun burnunu təxminən 70 dərəcə qaldırması kifayət edir.
Tədqiqatçılar bildiriblər ki, əksər su quşlarından fərqli olaraq, bu robotun suyun üzərindən qalxmaq üçün ayaqlarla təkan verməsinə ehtiyac yoxdur. Onların sözlərinə görə, yalnız qanadların hesabına bu cür havaya qalxma indiyədək robototexnika sahəsində demək olar ki, mümkün hesab olunmurdu.
Layihənin rəhbəri Rafael Zufferinin sözlərinə görə, gələcəkdə bu tip robotlar okeanların öyrənilməsi prosesini xeyli asanlaşdıra bilər. Qurğu aysberqlərə, dəniz heyvanlarına və sahil obyektlərinə yaxınlaşaraq su nümunələri toplaya, müxtəlif ölçmələr apara və sonra yenidən havaya qalxaraq əldə olunan məlumatları çatdıra bilər.
Hazırda mühəndislər robotun qanad konstruksiyasını təkmilləşdirmək, həmçinin onu dalğalı və güclü küləkli şəraitdə sınaqdan keçirmək üzərində çalışırlar. Uğurlu nəticə əldə olunacağı təqdirdə, bu texnologiyanın okeanoqrafiya, ekologiya və axtarış-xilasetmə əməliyyatlarında tətbiqi nəzərdə tutulur.
NURİYYƏ













