ABŞ İrana qarşı əməliyyatları genişləndirə bilər
ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ilə bağlı yeni variantları müzakirə etdiyi bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Ağ Evdə keçirilən iclasda İranın Hörmüz boğazı üzərindəki nəzarətini zəiflətmək yolları müzakirə olunub. İddialara əsasən, son günlər ABŞ İranın boğaz ətrafındakı hərbi mövqelərinə zərbələr endirir.
CNN-in yazdığına görə, Tramp İranın əsas neft ixrac mərkəzi olan Xarq adasının ələ keçirilməsi və yeraltı nüvə obyektlərinə zərbələr endirilməsi variantlarını da nəzərdən keçirir. ABŞ prezidenti quru əməliyyatının başqa bir ölkə tərəfindən həyata keçirilə biləcəyini də istisna etməyib.
Bununla yanaşı, Vaşinqtonun Tehranla danışıqlara münasibətində fikir ayrılığı olduğu bildirilir. Tramp son açıqlamalarında İranın danışıqlara hazır ola biləcəyini desə də, daha əvvəl bu prosesi "vaxt itkisi" adlandırmışdı.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə münaqişənin yalnız hərbi yolla həll edilə bilməyəcəyini vurğulayaraq, diplomatik dialoqun davam etdirilməsinin vacibliyini bildirib.
Aytəkin TOFİQQIZI













