Sığın meşədə gəzən qadına hücum ETDİ
ABŞ-də meşədə gəzintiyə çıxan 67 yaşlı qadın sığının hücumuna məruz qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə "The Denver Post" məlumat yayıb.
Hadisə Kolorado ştatının Nederland şəhəri yaxınlığında meşə cığırında baş verib. Məlumata görə, sığın qadının qəfil yaxınlaşmasından qorxaraq ona hücum edib.
Qadının hücumun necə baş verdiyini xatırlamadığı bildirilib. Bu səbəbdən hadisənin dəqiq təfərrüatları hələ məlum deyil.
Zərərçəkən yüngül xəsarətlərlə təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Kolorado ştatının vəhşi təbiət rəsmiləri isə xatırladıblar ki, sığınlar ərazilərinə qarşı həssas heyvanlardır və xüsusilə balalarını qoruduqları dövrdə aqressiv davrana bilərlər. Onlar insanları və itləri təhlükə kimi qəbul edə bilirlər.
Mütəxəssislər vətəndaşlara vəhşi təbiətdə sığınlarla qarşılaşdıqları zaman onlara yaxınlaşmamağı, təhlükəsiz məsafə saxlamağı və heyvanları narahat etməməyi tövsiyə ediblər. Bu cür davranış həm insanların, həm də vəhşi heyvanların təhlükəsizliyi üçün vacib hesab olunur.
Aytəkin TOFİQQIZI













