Zelenski Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbərini vəzifədən azad ETDİ
Ukrayna Prezidenti Volodimir Zelenski Timur Tkaçenkonun Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi ilə bağlı fərman imzalayıb.
Redaktor.az xəbər verir ki, müvafiq sənəd Zelenskinin rəsmi saytında dərc olunub.
Tkaçenko bu vəzifəyə 2024-cü ildə təyin edilmişdi. O, bundan əvvəl Kiyev meriyasında çalışıb, həmçinin Strateji Sənaye Sahələri Nazirliyi və İcmalar və Ərazilərin İnkişafı Nazirliyində nazir müavini vəzifələrində fəaliyyət göstərib.
Ukrayna KİV-inin məlumatına görə, Tkaçenkonun istefası onun Kiyev meri Vitali Kliçko ilə siyasi rəqabətdə gözlənilən nəticəni göstərə bilməməsi ilə əlaqələndirilir. Bildirilir ki, Zelenski ilə Kliçko arasında uzun müddətdir fikir ayrılıqları mövcuddur.
Məlumatlara əsasən, bu vəzifəyə keçmiş Ali Rada deputatı Oleq Lyaşkonun təyin oluna biləcəyi ehtimal edilir.
Bundan başqa, Zelenski Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kimi və Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşniki də vəzifələrindən azad edib. Onlar müvafiq olaraq veteranların işləri, eləcə də bərpa, infrastruktur və nəqliyyat naziri vəzifələrinə təyin ediliblər.
Xədicə BAXIŞLI













