İsraildə parlament buraxıldı: 1988-ci ildən sonra bir İLK
İsrail parlamenti (Knesset) oktyabrın 27-də keçiriləcək ümumi seçkilər ərəfəsində dörd illik fəaliyyət müddətini başa vurub.
Redaktor.az xəbər verir ki, Knessetdə keçirilən səsvermə zamanı parlamentin buraxılmasını nəzərdə tutan qanun layihəsi yekdilliklə qəbul edilib.
Knesset sədri Amir Ohana çıxışında parlamentin ötən dövr ərzindəki fəaliyyətini qiymətləndirib.
"Dörd illik fəaliyyət müddətimizi başa vururuq. Bu müddət ərzində doqquz büdcə layihəsi və yüzlərlə qanun qəbul etdik. Mənə göstərdiyiniz etimada görə təşəkkür edirəm. Məhz bu etimad sayəsində dörd ili tamamlamağı bacardıq", - deyə Ohana bildirib.
Qeyd olunur ki, İsrailin siyasi tarixində hökumət və parlamentin tam dörd illik səlahiyyət müddətini başa vurması nadir hallarda baş verib. Knesset oktyabrın 27-də keçiriləcək seçkilərə qədər fəaliyyətini dayandıracaq.
Məlumata görə, İsraildə hökumətin erkən seçkilər olmadan tam müddətini başa vurduğu sonuncu hal 1988-ci ildə qeydə alınıb.
Ölkə tarixində ən uzun müddət - təxminən 19 il baş nazir postunda olan Binyamin Netanyahu 2022-2026-cı illəri əhatə edən altıncı hakimiyyət dövründə ilk dəfə seçkilərə getmədən tam müddəti başa vurub.
"İsrail Demokratiya İnstitutu"nun məlumatlarına əsasən, ölkədə seçkilər orta hesabla hər 2,4 ildən bir keçirilir. 2019-2022-ci illər arasında isə İsrail vətəndaşları beş dəfə seçkiyə gedib.
Bu göstərici ilə İsrail İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr arasında seçkilər arasındakı müddətin ən qısa olduğu ikinci dövlət hesab olunur.
Aminə ŞAHSUVARQIZI













