Trampın Çinə qarşı ittihamları Si Cinpinin ABŞ səfərinə mane ola bilər
ABŞ Prezidenti Donald Trampın Çini ABŞ seçkilərinə müdaxilə etməkdə ittiham etməsi Çin lideri Si Cinpinin Vaşinqtona səfəri ilə bağlı hazırlıqları çətinləşdirə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Çin hələlik Si Cinpinin Vaşinqtona səfərini rəsmi şəkildə təsdiqləməyib. Söhbətlərdən xəbərdar olan iki mənbənin bildirdiyinə görə, Pekin Tramp administrasiyasına gizli şəkildə çatdırıb ki, liderlər arasında gələcək görüşlər ABŞ və Çin arasında müsbət münasibətlərin qorunmasından asılı olacaq.
Agentlik qeyd edir ki, Trampın açıqlamaları son aylarda formalaşan "ABŞ və Çin arasında kövrək atəşkəs"ə təhlükə yarada bilər.
Xatırladaq ki, Donald Tramp daha əvvəl xalqa müraciəti zamanı Çinin 220 milyon amerikalı seçicinin şəxsi məlumatlarına qanunsuz giriş əldə etdiyini və bunun tarixdə ən böyük məlumat oğurluğu olduğunu iddia etmişdi.
Buna cavab olaraq Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian ABŞ liderinin ittihamlarını "tamamilə uydurma və qərəzli böhtan" adlandırmışdı. O, Pekinin digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qaldığını və ABŞ-da seçkilərə təsir göstərməyə heç vaxt cəhd etmədiyini bildirib.
Aminə ŞAHSUVARQIZI













