“İsrailin xarici siyasəti dəyişməz olaraq qalır”
İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman ölkəsinin xarici siyasət kursunun dəyişməz qaldığını və bütün addımların milli təhlükəsizliyin təmin edilməsinə yönəldiyini bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.
Bildirilib ki, rəsmi Təl-Əviv regiondakı mövcud hərbi-siyasi reallıqlar fonunda öz müdafiə strategiyasını qətiyyətlə davam etdirir. Baş nazirin müşaviri İsrailin təhlükəsizlik maraqlarının coğrafi sərhədlərlə məhdudlaşmadığını vurğulayaraq, ölkənin təhlükəsizliyini həm sərhədlərdə, həm də ondan kənarda, bütün strateji sahələrdə təmin etmək niyyətində olduqlarını diqqətə çatdırıb.
Məlumata görə, bu bəyanat rəsmi Təl-Əvivin müttəfiqləri ilə münasibətlərində yeni iqtisadi və hərbi mexanizmlərin müzakirə olunduğu ərəfəyə təsadüf edir. Xatırladaq ki, cari ilin iyul ayının əvvəlində İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin iqtisadi müstəqilliyini gücləndirmək məqsədilə gələcəkdə ABŞ-dən gələn maliyyə yardımından imtina etmək niyyətində olduqlarını açıqlamışdı.
Aminə ŞAHSUVARQIZI













