“Silahları Ukraynaya deyil, NATO ölkələrinə satıram” - Trampdan Rusiyaya
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya rəhbərliyi Vaşinqtonun silah tədarükünün birbaşa Ukraynaya deyil, NATO müttəfiqlərinə həyata keçirildiyini başa düşür.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Rusiya Prezidenti Vladimir Putin mənə bildirdi ki, o, İrana silah satmayacaq. O başa düşür ki, mən silahları Ukraynaya deyil, NATO ölkələrinə satıram”, – deyə ABŞ lideri qeyd edib.
Tramp əlavə edib ki, NATO üzvü olan ölkələr silah tədarüklərinin tam dəyərini ödəyirlər. Bununla belə, o, həmin silahların daha sonra necə bölüşdürüldüyünü bilmədiyini bildirib.
Bundan əvvəl Rusiyanın prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ tərəfindən Ukraynaya silah tədarükünün davam etməsini nəzərə aldıqlarını açıqlayıb. Onun sözlərinə görə, Moskva Vaşinqtondan münaqişənin həlli ilə bağlı yeni təklifləri gözləyəcək.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə iyulun 23-də Manilada keçirilən ASEAN tədbirləri çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşü zamanı Ukraynanın silahlandırılmasının davam etdirilməsinin qəbuledilməz olduğunu bildirib.
Lavrov, həmçinin Avropa ölkələrinin Rusiyaya qarşı “strateji məğlubiyyət” məqsədi güddüyünü iddia edərək, onların siyasətini sabitliyi pozan addım kimi qiymətləndirib.
Xədicə BAXIŞLI













