Gəlin toya saatlar qalmış bəyi DƏYİŞDİ
Hindistanda gəlin toy mərasiminə bir neçə dəqiqə qalmış nişanlısından ayrılıb və həmin axşam başqa kişi ilə ailə həyatı qurub.
Redaktor.az "The Times of India" qəzetinə istinadla xəbər verir ki, hadisə Uttarakhand əyalətinin Ruki şəhərində baş verib.
Toy başlamazdan əvvəl gəlinin qohumları bəyin bəzi yaxınlarının sərxoş vəziyyətdə gəldiyini və qadınları narahat etdiyini bildiriblər. Tərəflər arasında mübahisə yaranıb və sonradan davaya çevrilən hadisəyə polis müdaxilə edib.
Bəyin ailəsinin davranışından narazı qalan gəlin toyu ləğv edib. Ailələr hədiyyələri geri qaytarmaq və mərasimi dayandırmaq barədə razılığa gəliblər.
Lakin həmin axşam gəlinin qohumları ona başqa bir bəy tapıblar. Qadın elə həmin ziyafət salonunda yeni bəy ilə evlənib.
Bundan sonra gəlinin ailəsi ilk nişanlısının ailəsindən şikayətçi olub.
Aytəkin TOFİQQIZI













