Trampın gəliri səkkiz ildə dörd dəfəyə yaxın artıb

 17:24 27.07.2026     227

ABŞ Prezidenti Donald Trampın gəliri son səkkiz ildə təxminən dörd dəfə artıb.

Redaktor.az xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzeti məlumat yayıb.

Bildirilib ki, Trampın ilk prezidentliyi dövründə biznes imperiyasının əsasını qolf klubları və daşınmaz əmlak layihələri təşkil edirdi. 2017-ci ildə onun ümumi gəliri 594 milyon dollar olub, bunun 528 milyon dolları məhz bu sahələrdən əldə edilib.

Məlumata görə, ikinci prezidentlik dövründə Trampın biznes strukturu əhəmiyyətli dərəcədə dəyişib. 2025-ci ildə onun ümumi gəliri 2,24 milyard dollara çatıb.

Qəzet yazır ki, Tramp ailəsinə məxsus "World Liberty Financial" kriptovalyuta şirkəti ona təxminən 800 milyon dollar qazandırıb. Bundan əlavə, "Trump Coin" adlı memorial sikkənin satışından 636 milyon dollar gəlir əldə olunub.

Eyni zamanda, Trampın ənənəvi qolf və daşınmaz əmlak biznesindən əldə etdiyi gəlir cəmi 4 faiz artıb və ümumi gəlirin dörddə birindən az hissəsini təşkil edib. Yaxın Şərqdə həyata keçirilən beynəlxalq layihələr isə təxminən 125 milyon dollar gəlir gətirib.

Bildirilir ki, 2025-ci ildə müxtəlif kommersiya razılaşmalarından təxminən 117 milyon dollar gəlir əldə olunub. Tramp brendi ilə satışa çıxarılan saatlar, kitablar və İncil nəşrlərinin satışı isə ona əlavə 17 milyon dollar qazandırıb.

Qeyd edək ki, Donald Tramp daha əvvəl seçki kampaniyası zamanı ABŞ-də istehsal sektorunda məşğulluğun artırılması və orta təbəqənin rifahının yaxşılaşdırılması ilə bağlı vədlərini yerinə yetirmədiyinə görə tənqid olunurdu. Məlumatlara görə, ölkədə işçi qüvvəsinin azalması və əhalinin qocalması səbəbindən əmək bazarında problemlər davam edir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən