Ağ Ev Trampın Zelenski və Netanyahu ilə görüşlərini məhsuldar adlandırdı

 21:04 28.07.2026     398

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşlər müsbət və məhsuldar keçib.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt X sosial şəbəkəsində paylaşım edib.

"Hər iki görüş müsbət və məhsuldar oldu", - deyə Livitt bildirib. O, danışıqların məzmunu barədə əlavə məlumat verməyib.

Zelenski isə görüşdən sonra açıqlamasında Donald Trampla "Patriot" zenit-raket kompleksləri üçün raketlərin istehsalı məsələsini müzakirə etdiyini bildirib.

Onun sözlərinə görə, tərəflər həmçinin diplomatik prosesin aktivləşdirilməsi və gələcək əməkdaşlığın detalları ətrafında fikir mübadiləsi aparıblar. Ukrayna Prezidenti görüşü "yaxşı" kimi qiymətləndirib.

Netanyahu ilə Tramp arasında keçirilən görüşün təfərrüatları hələ açıqlanmayıb. Bununla belə, iyulun 27-də yayılan məlumatlarda İsrailin Baş nazirinin ABŞ Prezidenti ilə ilk növbədə İran məsələsini müzakirə etməyi planlaşdırdığı bildirilmişdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən