İsrailin aqressiyasının bədəlini bütün region ödəyir - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrailin Yaxın Şərqdə həyata keçirdiyi aqressiv siyasətin bədəlini bütün region ödəyir.
Redaktor.az xəbər verir ki, o, Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı İsrailin beynəlxalq hüququ pozaraq və əsas insan hüquqlarını nəzərə almayaraq Fələstin ərazilərini mərhələli şəkildə işğal etdiyini bildirib.
"Bu aqressiyanın bədəlini təkcə fələstinli bacı-qardaşlarımız və qardaş Livan xalqı deyil, bütün region ödəyir", – deyə Ərdoğan vurğulayıb.
Türkiyə lideri həmçinin qeyd edib ki, Ankara İran ətrafındakı münaqişə fonunda bölgədə hərbi əməliyyatların təsirini minimuma endirmək üçün zəruri addımlar atır.
"Regionumuzda münaqişələrin davam etməsinə baxmayaraq, Türkiyə iqtisadiyyatı güclü olaraq qalır. Hərbi əməliyyatların vətəndaşlarımıza təsirini minimuma endirmək üçün xüsusi səylər göstəririk. Bütün sahələrdə istehsalçılarımızı və ixracatçılarımızı dəstəkləyirik. İxracatçılar üçün gündəlik ehtiyat kredit limitini, eləcə də subsidiyalaşdırılan investisiya kreditlərinin həcmini artırmışıq", – deyə o vurğulayıb.
Xədicə BAXIŞLI













