Merts hökumətdə yeni kadr dəyişikliklərini istisna ETDİ
Almaniya kansleri Fridrix Merts bildirib ki, hökumətdə vakant vəzifələrə zəruri təyinatlar istisna olmaqla, əlavə kadr dəyişiklikləri planlaşdırmır.
Redaktor.az xəbər verir ki, o, Xristian Demokrat və Xristian Sosial İttifaqları (CDU/CSU) fraksiyasının növbədənkənar iclasından sonra çıxışında hazırkı hökumət tərkibinin qarşıdakı iki il yarım ərzində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün optimal olduğunu deyib.
"Hazırkı hökumət tərkibinin qarşıdakı iki il yarım ərzində birgə fəaliyyət üçün ən uyğun komanda olduğuna inanıram. Buna görə də əlavə kadr dəyişikliklərini müzakirə etmək üçün heç bir əsas görmürəm", – deyə Merts bildirib.
Qeyd edək ki, daha əvvəl CDU/CSU fraksiyasının sədri Yens Şpan surroqat analıqla bağlı qalmaqaldan sonra istefa vermişdi. Bundan istifadə edən Merts Nazirlər Kabinetində bir sıra kadr dəyişiklikləri həyata keçirmişdi. Lakin nəqliyyat naziri Patrik Şnayderin vəzifədən azad olunması CDU daxilində narazılığa səbəb olmuşdu.
Hazırda Merts Federal Kansler Aparatında idman məsələləri üzrə dövlət naziri vəzifəsinə namizəd axtarır. Bundan başqa, Fransiska Hoppermannın CDU-nun baş katibi təyin edilməsindən sonra partiyanın xəzinədarı vəzifəsinə, həmçinin Şteffen Bilgerin nəqliyyat naziri postuna keçməsindən sonra fraksiyanın məsul katibi vəzifəsinə yeni namizədlər müəyyənləşdirilməlidir.
Xatırladaq ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Federal Kansler Aparatının rəhbəri Torsten Frayı, səhiyyə naziri Nina Varkeni və nəqliyyat naziri Patrik Şnayderi vəzifələrindən azad edib. Federal Kansler Aparatına Nina Varken, Səhiyyə Nazirliyinə Karsten Linnemann, Nəqliyyat Nazirliyinə isə Şteffen Bilger rəhbərlik edəcək. Torsten Fray isə CDU/CSU fraksiyasının yeni sədri seçilib.
Xədicə BAXIŞLI













