Türkiyədə meşə yanğınları təhlükəli həddə çatdı: Onlarla ev boşaldıldı

 10:58 30.07.2026     242

Türkiyənin bir neçə vilayətində baş verən meşə yanğınları səbəbindən genişmiqyaslı mübarizə tədbirləri davam etdirilir.

Redaktor.az xəbər verir ki, Muğla, Antalya və Balıkesir vilayətlərində meşəlik ərazilərdə başlayan yanğınlar güclü küləyin təsiri ilə sürətlə yayılıb. Alovun yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən təhlükəsizlik məqsədilə bir sıra evlər boşaldılıb.

Yanğınların söndürülməsi üçün Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin koordinasiyası ilə yanğınsöndürmə qüvvələri, könüllülər və yerli sakinlər səfərbər edilib.

Antalyanın Alanya rayonunda başlayan yanğın geniş əraziyə yayılıb. Alovun yaşayış evlərinə yaxınlaşması nəticəsində Sapadere, Fakırcalı və Beldibi məhəllələrində 45 ev təxliyə olunub. Səhər saatlarından etibarən yanğınsöndürmə təyyarələri və helikopterlər ərazidə fəaliyyətini yenidən davam etdirib.

Muğlanın Seydikemer rayonunun Bayır məhəlləsində və Fethiye rayonunun Yeşilüzümlü məhəlləsində də yanğınlarla mübarizə aparılır. Fethiyedə yanğının naməlum səbəbdən başladığı və küləyin təsiri ilə qısa zamanda yayıldığı bildirilib. Seydikemerdə isə bəzi evlər və heyvanlar təhlükəsiz ərazilərə köçürülüb.

Balıkesirin Gömeç rayonunda meşə yanğınlarına qarşı əməliyyatlar ikinci gündür davam edir. Kumgedik məhəlləsi yaxınlığındakı yanğının söndürülməsi üçün 6 təyyarə, 5 helikopter, 30 texnika və 658 nəfərlik heyət cəlb olunub.

Yanğın təhlükəsi səbəbindən Ayvalık rayonunun Tıfıllar məhəlləsinin sakinləri də ehtiyat tədbiri olaraq təxliyə edilib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən